Allah bəyənən şəkildə yaşamağa çalışanlar bunun müqabilində Ondan əvəz və mükafat da gözləyirlər. Mükafat isə iki qismdir: bu dünyaya aid olan və axitərə məxsus olan mükafat. Əsil dindar insan şübhəsiz ki, ən gözəl mükafatın, yəni cənnət nemətlərinin ona axirətdə veriləcəyini gözləyir. Quran məntiqi baxımından cənnətə getməyin yolları ilə tanış olaq.
1. İman və saleh əməl əməl sahibi olmaq.
“İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cənnətlər vardır...” (Bəqərə, 25).
“İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar” (Bəqərə, 82).
2. Təqvalı olmaq.
“Söylə: “Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Təqvalı olub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər vardır ki, orada əbədi qalacaqlar...” (Ali-İmran, 15).
3. Allaha və Rəsuluna tabe olmaq.
“Bunlar Allahın hədləridir (hökmləridir). Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük qurtuluşdur” (Nisa, 13).
“...Kim Allaha və Peyğəmbərinə itaət etsə, (Allah) onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər...” (Fəth, 17).
4. Doğruculluq.
“Allah buyurdu: “Bu (qiyamət günü) elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Bu, (möminlər üçün) böyük qurtuluşdur” (Maidə, 119).
5. Daim yaxşılıq etmək.
“Allah da bu sözlərinə görə onlara (ağacları) altından çaylar axan cənnətlər əta etdi. Onlar orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı budur!” (Maidə, 85).
“Həqiqətən, yaxşı əməl və itaət sahibi olan möminlər Nəim cənnətlərində olacaqlar” (Mütəffifin, 22-23).
6. Səbrli olmaq.
“Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün səbr edir, namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar– məhz onları (gözəl) axirət yurdu ... Ədn cənnətləri gözləyir...” (Rəd, 22-23).
7. Namaz qılmaq.
“O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər; o kəslər ki, düzgün şəhadət verərlər və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər. Məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir” (Məaric, 34-35).
8. İnfaq etmək (ehtiyaclılara yardım göstərmək).
“Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə, Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik” (Leyl, 5-7) (Həmçinin bax: Ali-İmran, 134-136).
9. Çoxlu dua etmək.
“Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz” (Səcdə, 16-17).
10. Haqq yolda sabitqədəm və istiqamətli olmaq.
“Şübhəsiz, “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (Fussilət, 30).
11. Allahdan qorxmaq.
“Şübhəsiz ki, Rəbbinin məqamından (hüzurunda haqq-hesab üçün durmaqdan) qorxanları iki cənnət (Ədn nə Nəim cənnətləri) gözləyir” (Rəhman, 46).
“Rəbbindən (Onu) görmədən qorxanları isə (günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir” (Mülk, 12).
12. Aram qəlbə sahib olmaq.
“Ey xatircəm olan nəfs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! Cənnətimə varid ol!” (Fəcr, 27-30).
13. Təvəlla və təbərra etmək (Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmaq).
“Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir. (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar...” (Mücadələ, 22).
Hiç yorum yok:
Yorum Gönder
Şərhlər
1) Gmail hesabınız yoxdusa Adı/URL seçərək şərh yaza bilərsiniz
2) Yazdığınız şərhə cavab yazıldığında xəbərinizin olmasi üçün şərhlərin sağ alt tərəfində olan E-poçt yolu ilə abonə ol linkinə tıklaya bilərsiniz.
Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.