Səhifələr
▼
8/11/2011
Bakımız haqqında
Bakımız haqqında
Bakı şəhərinin nə vaxt yaranmasının hələ də dəqiq məlum olmadığına baxmayaraq, onun qədim tarixə malik olması şübhəsizdir. Şəhərin yerləşdiyi Abşeron yarımadasının ərazisi əlverişli coğrafi mövqeyə malikdir. Yarımadanın əlverişli buxtası, quru isti iqlimi, münbit torpağı, faydalı qazıntıları sayəsində burada qədim insan məskənlərinin yaranması tamamilə qanunauyğun haldır.
Bakı, onun nefti və «yanar torpağı» qədim vaxtlardan onun hüdudlarından çox-çox uzaqlarda da məşhur idi. Bakı barədə orta əsrlərə aid yazılı mənbələrdə onun ətrafındakı «əbədi məşəllər» dönə-dönə xatırladılar. Bakı barədə ilk məlumatlardan birinə V əsrin əvvəllərində Qafqaz Albaniyası şəhərlərini təsvir etmiş Bizans əlyazmalarında «sualtı qayadan alov yüksələn» bir ərazinin adı çəkilir. IX əsrdən başlayaraq, ərəb coğrafiyaşünasları və tarixçiləri Bakını kiçik, lakin inkişaf etmiş bir feodal şəhəri kimi təsvir edirlər. Onların hər biri xüsusi qeyd edir ki, Bakıda ağ və tünd boz rəngli neft çıxarılır. Slavyan, Bizans, Çin, Venesiya, Hindistan tacirləri və bütün Yaxın Şərqdən gələn karvanlar Bakıdan neft aparırdılar.
IX əsrin ikinci yarısında Şirvanşahlar dövləti yaradıldı. O vaxtdan etibarən Şamaxı ilə yanaşı Bakı da Şirvanın əsas şəhərlərindən birinə çevrildi. XI əsrdə Şirvanşahlar dövləti bu regionda baş verən hadisələrin mərkəzində olanda Bakı ətrafında qala divarları ucaldıldı. Şirvanşah I Axsitanın dövründə öz iqamətgahını Şamaxıdan Bakıya köçürdü. Bakı Şirvanşahlar dövlətinin əsas şəhərinə çevrildi. Bakıdakı bir sıra qəsr və minarələr, mədrəsə və qüllələr, karvansara və hamamlar, məscidlər və yaşayış evləri məhz həmin dövrdə tikilmişdir. O dövrdə ucaldılmış tikililərdən salamat qalanlar arasında ən qədim 1078-1079-cu illərdə tikilmiş Məhəmməd məscididir. Qala divarlarının möhkəmləndirilməsinə xüsusi diqqət yetirildi. Bakını dəniz tərəfdən müdafiə etmək məqsədilə 1232-1235-ci illərdə Bakı buxtasında indi suyun altında qalmış Səbail qəsri tikilmişdir.
XIII əsrdə bütün ölkə Monqol əsarətinə məruz qaldı. Monqollar Bakını uzun müddət mühasirəyə alandan sonra onu ələ keçirdilər. Onlar qarşılaşdıqları müqavimətə görə «cəza tədbiri» kimi, şəhəri amansızcasına viran etdilər. Neft hasilatı və ticarət sahəsində tənəzzül yarandı.
XIV əsrin əvvəllərində ticarət, o cümlədən, dəniz ticarəti yenidən dirçəldi. Genoya və Venesiyadan gələn italyan tacirlərinin gəmiləri Bakı limanına yan almağa başladılar. Bakı Qızıl Orda ilə, Moskva knyazlığı və Avropa ölkələri ilə ticarət əlaqələri saxlayırdı. Buradan neft, xalça və başqa mallar ixrac edilirdi. XIV əsrin ikinci yarısında Bakının iqtisadi və siyasi rolunun yüksəlməsi ilə əlaqədar Xəzər dənizini çox vaxt Bakı dənizi adlandırırdılar. Məsələn, 1375-ci ildə buraxılmış atlasda dəniz bu cür adlanır. Bakıdakı İçəri Şəhərdə qorunub saxlanmış Buxara karvansarası (XIV əsr), Moltani karvansarası (XV əsr) və başqa memarlıq abidələri Bakının orta Asiya və Hindistanla geniş əlaqələr saxlamasını təsdiq edir.
XV əsrdə Şirvanşah I Xəlilullahın dövründə (1417-1462-ci illər) Bakıda tikinti işləri geniş vüsət almışdı. Şəhərin ən uca nöqtəsində Şirvanşahlar saray-kompleksi tikilmişdir.
1501-ci ildə I Şah İsmayılın qoşunları Bakını mühasirəyə aldılar. O dövrdə şəhər güclü qala divarları ilə əhatə olunmuşdu. Bu divarların bir tərəfi dənizə gedib çıxır, quru tərəfdən isə enli xəndəklə qorunurdular. Mühasirəyə alınmış bakılılar öz istehkamlarının sarsılmazlığına ümid bəsləyərək, mərdliklə mübarizə aparırdılar. Şəhər hakimi Qazı bəy burada olmadığına görə Bakının müdafiəsinə onun arvadı rəhbərlik edirdi. Şah İsmayılın elçiləri bu qadının yanına gəlib silahı yerinə qoymağı təklif edəndə, o, elçilərin edam olunmasını əmr etmişdi. Mühasirədə olan bakılıların təslim olmaq istəmədiyini görən Şah İsmayıl qalanın altını qazaraq onu partlatmağı əmr etdi. Sakinlər daha 3 gün davam gətirib müqavimət göstərdilər, lakin bundan sonratəslim oldular. Bakının 70 nəfər tanınmış nümayəndəsi əllərində Quran, bellərində qılınc və boyunlarında kəfən olduğu vəziyyətdə şah İsmayılın yanına gəlib ona itaət edəcəklərini bildirdilər. İsmayıl dərhal qalanı tutdu. Şirvanşahların xəzinəsi ələ keçirildi və oradan xeyli qızıl və daş-qaş aparıldı. Şah İsmayılın Şirvana bu yuruşu Şirvanşahlar dövlətinə güclü zərbə vürdüğüna baxmayaraq, bu dövlət 1538-ci ilə qədər öz mövcudluğunu qoruyub saxlaya bilmişdi. 1538-ci ildə Səfəvi hökmdarı Şah Təhmasib Şirvanşahların hakimiyyətinə son qoydu və Bakı da daxil olamaqla bütün Şirvanı Səfəvilər dövlətinə birləşdirdi.
XVI əsrin ikinci yarısı və XVII əsrin əvvəli Səfəvilər dövləti ilə Osmanlı Türkiyəsi arasında ardıcıl müharibələrlə əlamətdar olmuşdur. Bu dövrdə Bakı əldən-ələ keçirdi. XVII əsrin 40-cı illərində mərkəzləşdirilmiş hakimiyyətin möhkəmlənməsi, dağıdıcı müharibələrə və feodal çəkişmələrinə son qoyulması şəhər həyatının tərəqqisinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis sikkələr buraxılır, xalçaçılıq, neft və duz alveri inkişaf edirdi. Bu dövrdə Bakının dövrəsində ikinci qala divarlarının çəkilişi başlandı.
XVII əsrdə Don və Volqa kazaklarının Abşerona hücumları da o dövrün mühüm hadisələrindəndir. 1660-cı ilin aprel ayında Stepan Razinin başçılıq etdiyi kazaklar Bakı sahillərinə hücum etdilər və Maştağa kəndini qarət etdilər. Deyilənə görə, Razin özü Sabunçu kəndinin yaxınlığındakı bir mağarada yaşayır və öz quldur basqınlarını oradan həyata keçirirmiş.
XVIII əsrdə Azərbaycan ərazisində bir sıra müstəqil xanlıqlar, o cümlədən Bakı xanlığı yaradıldı. Bakı xanlığına Mirzə Məhəmməd xan (1747-1768-ci illər) başçılıq edirdi. Hakimiyyətdə olduğu 20 il ərzində Mirzə Məhəmməd xan ölkənin iqtisadiyyatının bərpası ilə məşğul olur, ticarətin inkişafına şərait yaradırdı. Mirzə Məhəmməd xan admiral idi. O, malların və hərbi təyinatlı yüklərin daşınması üçün gəmiqayırma işlərinə rəhbərlik edirdi.
Bu dövrdə iqtisadiyyatın bir qədər canlanmasına baxmayaraq, XVIII əsrin axırlarında İran hökmdarı Ağa Məhəmməd şah Qacarın viranedici basqınları Azərbaycana çox böyük ziyan vurmuşdur. 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Bakını ələ keçirdi və qarət etdi, lakin tezlikləonun ordusu Şirvanı tərk etdi.
Rusiya – İran müharibələri nəticəsində Bakı xanlığı Rusiyaya birləşdirildi. 1813-cü və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələri imzalandı, Azərbaycan Araz çayı boyunca Rusiya ilə İran arasında bölündü. İşğal edilmiş torpaqlar, o cümlədən Bakı rəsmən Rusiyaya təhkim edilmiş oldu.
Bu dövrdə Bakının hüdudları qala divarları ilə əhatə olunmuş İçəri şəhərdən kənara çıxmırdı. İçəri Şəhərdə təqribən 300 ev və 3000-ə yaxın sakin vardı. 1846-cı ildə Qafqazda canişinlik təsdiq ediləndən sonra bu diyarda yeni inzibati-ərazi bölgüsü aparılır. Həmin bölgüyə görə Bakı qəzası yeni yaradılmış Şamaxı quberniyasına daxil edilmişdi. 1859-cu ildə quberniyanın mərkəzi Bakı şəhərinə köçürülür, quberniyanın mərkəzi Bakı şəhərinə köçürülür, quberniyanın adı dəyişdirilib Bakı quberniyası olur.
Neft hasilatı Bakı şəhərinin inkişafında böyük rol oynayırdı. Rusiyanın iqtisadiyyatı neftə tələbatı xeyli gücləndirmişdi. Bununla əlaqədar Bakı Rusiyanın sənaye cəhətdən inkişafına cəlb edilmişdi. Bakıda başlanmış neft ehtirasını yalnız Klondaykdakı qızıl ehtirasları ilə müqayisə etmək olar. Bu dövrdə Bakıdakı neft yataqlarının intensiv istismarı başlandı və əcnəbi neft şirkətlərinin kapitalının Bakıya güclü axını təmin edildi. Qısa bir vaxtda Bakıda İsveç, İngiltərə, Fransa, Belçika, Almaniya və Amerika firmalarının nümayəndəlikləri yaradıldı.
1873-cü ildən etibarən Bakının Qara Şəhər adı ilə məşhur olan «neft kəməri» formalaşmağa başladı. Bundan bir qədər sonra Bakının «neft kəndlərini» – Suraxanı, Bibiheybət, Balaxanı və Sabunçunu əhatə edən Bakı sənaye rayonu yarandı. Burada dünyada ilk neft quyusu qazılmış, nefti nəql etmək üçün ilk tankerlər burada tikilmiş, Bakı-Batumi neft kəməri çəkilmişdir. Neftə və onun hasilatına həsr edilmiş ilk dövri nəşr olan «Neftyanoye delo» curnalı da məhz Bakıda işıq üzü görmüşdü. XX yüzilliyin əvvəllərində dünyada çıxarılan bütün neftin yarısı Bakıda hasil edilirdi.
Neft sənayesi ilə yanaşı təsərrüfatın digər sahələri də inkişaf etməyə başlamışdı. Rusiyanın dəniz nəqliyyatı vasitəsi ilə həyata keçirdiyi daşımaların 40%-i Xəzər dənizi ilə aparılırdı. 1883-cü ildə Bakını Tbilisi ilə birləşdirən dəmiryolu açıldı, 1900-cü ildə isə Rusiyanın mərkəzi quberniyalarına və daha sonra Avropaya çıxşı olan Bakı-Petrovsk (indiki Mahaçqala) dəmiryolu çəkildi. 1868-1879-cu illərdə Bakı, Tbilisi və Krasnovodsk arasında ilk teleqraf xətləri çəkilmişdi, 1886-cı ildə isə Bakıda ilk telefon stansiyası tikildi.
Abşeron yarımadasındakı bu şəhər o qədər yüksək sürətlə inkişaf edirdi ki, nə Rusiyada, nə də ümumiyyətlə Avropada heç bir şəhərdə bu cür sürətli inkişaf görünməmişdi. Rusiyanın bütün guşələrindən, xarici ölkələrdən müxtəlif millətlərin nümayəndələri iş və səadət axtara-axtara axışırdı. Artıq 1883-cü ildə Bakı əhalisinin sayı 45000-i keçmişdi, 1913-cü ildə isə bu rəqəm artaraq, 200.000-ə çatmışdı. Şəhərin ətrafında abadlıq işləri aparılır, qeyri-adi möhtəşəmliyi ilə seçilən malikanələrin sayı artırdı.
Beləliklə, XIX əsrin axırlarında müşahidə olunan iqtisadi yüksəliş nəticəsində Bakı Rusiyanın ən iri mərkəzlərindən birinə, Qafqazda ən böyük və əhəmiyyətli şəhərə çevrilmişdi.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edildi. Bu, bütün müsəlman şərqində ilk respublika idi. Bakı müstəqil Azərbaycan Demokratik Respublikasının paytaxtı oldu. Yeni dövlət hakimiyyəti orqanları formalaşmağa başladı.
1920-ci il aprelin 28-də XI Qızıl Ordu Hissələri Azərbaycanın paytaxtı Bakı şəhərinə daxil oldu. Azərbaycanda Sovet hakimiyyəti elan edildi.
İkinci dünya müharibəsi dövründə Bakı cəbhəni neftlə təmin edirdi. Faşizmin müvəffəqiyyətlə darmadağın edilməsi işinə Bakının tövhəsi çox böyük olmuşdur. Bakının neft ehtiyatları sovetlər ölkəsinin bütün neft ehtiyatlarının 75%-ə bərabər idi, təyyarə yanacağının 90%-i isə Bakı neftindən alınırdı. Bu dövrdə köhnə quyular bərpa olunub istismar edilirdi. Minlərlə neftçi cəbhəyə, vuruşmağa getmişdi. Mədənlərdə onlara qadınlar əvəz edirdi. SSRİ-nin mütəffiqləri tərəfindən İran ərazisindən keçməklə göndərilən hərbi və humanitar yardımın təmin edilməsində Bakı ən mühüm nəqliyyat qovşağı idi.
1949-cu ildə Neft Daşları yatağında işlər başlandı. Bu, dünya praktikasında açıq dənizdəki neft yataqlarının mənimsənilməsi istiqamətində ilk addım idi. Müharibədən sonrakı dövrün elə ilk illərindən başlayaraq, Bakıda yaşayış evlərinin və ictimai binalarının tikintisi bərpa edildi. Azərbaycan memarlığının klassiklərindən M.Useynovun və S.Dadaşovun, Q.Məcidovun, E.Qasımzadənin, Q.Əlizadənin, Q.Ələsgərovun və başqalarının istedadı və ustalığı sayəsində Bakının mərkəzində və onun yeni rayonlarında yeni və çox əhəmiyyətli memarlıq nümunələri ucaldılır. Bakı keçmiş SSRi-nin ən iri sənaye mərkəzlərindən birinə çevrilir. Bu gün Azərbaycan paytaxtı Qafqaz regionunun iri siyasi və iqtisadi mərkəzlərindən biri kimi mühüm rol oynayır.
Bakı
Baku
Hiç yorum yok:
Yorum Gönder
Şərhlər
1) Gmail hesabınız yoxdusa Adı/URL seçərək şərh yaza bilərsiniz
2) Yazdığınız şərhə cavab yazıldığında xəbərinizin olmasi üçün şərhlərin sağ alt tərəfində olan E-poçt yolu ilə abonə ol linkinə tıklaya bilərsiniz.
Not: Yalnızca bu blogun üyesi yorum gönderebilir.